IQNA

Quran surələri / 93

Quranın yetimlərə xüsusi diqqət yetirməsi

10:05 - July 10, 2023
Xəbər sayı: 3494436
TEHRAN (IQNA) – Cəmiyyətdə ata və ya anasını istəmədən itirmiş, mənəvi baxımdan diqqətə, köməyə ehtiyacı olan bir qrup yaşayır. Qurani-Kərimdə yetimlərə xüsusi diqqət ayrılması açıq şəkildə vurğulanır ki, bunun bir hissəsi "Zuha" surəsində qeyd olunur.

Qurani-Kərimin doxsan üçüncü surəsi “Zuha” adlanır. 11 ayədən ibarət bu surə Qurani-Kərimin 30-cu cüzündə yer alıb. Məkkə surəsi olan “Zuha” İslam Peyğəmbərinə (s) nazil olan 11-ci surədir.

“Zuha” günün başlanğıcına və günəş çıxanda işığın yayılmasına deyilir. Bu söz bu surənin birinci ayəsində keçib və bu səbəbdən də o “Zuha” adlandırılıb.

Bu surə üç hissədən ibarətdir; Birinci hissədə iki and içməkdən və İslam Peyğəmbərinin (s) himayə olunmasından danışılır. İkinci hissədə ilahi nemətlərə şükür etməkdən bəhs edilir. Üçüncü hissədə üç əxlaqi və ictimai göstəriş bəyan olunur: Yetimlərlə mehriban olmaq, ehtiyacı olanlara kömək etmək və Allahın nemətlərini xatırlamaq.

Bu surə Peyğəmbərə (s) kamil şəkildə nazil olan surələrdəndir. Bir müddət İslam Peyğəmbərinə (s) heç bir surə nazil edilmədi və kafirlər ona rişxənd edirdilər ki, Allah onu tərk etdi. Belə bir vəziyyətdə "Zuha" surəsi nazil oldu. "Zuha" surəsi Peyğəmbərə (s) xəbər verir ki, Allah səni tərk etməmişdir. Sonra Allahın Peyğəmbərə (s) verdiyi nemətləri bildirir.

"Zuha" surəsi iki and ilə başlayır; "Gün işığı" və "Sakitləşən gecə". Sonra İslam Peyğəmbərinə (s) xəbər verir ki, Allah onu heç vaxt tərk etməmişdir. Sonra da ona müjdə verir ki, Allah ona çoxlu nemətlər bəxş edəcək ki, o, xoşbəxt və razı qalsın. Son hissədə isə İslam Peyğəmbərinin (s) keçmişini və həyatını xatırladır. Allahın ona hər zaman lütf etdiyini və həyatının ən çətin anlarında ona necə dəstək olduğunu xatırladır. Buna görə də Allahın ona verdiyi nemətlərə görə şükür etmək üçün son ayələrdə ona yetimlərə və yoxsullara qarşı yaxşı davranmağı sifariş edir. Həmçinin Allahın nemətlərini başqalarına da deməsini istəyir.

Bu surənin altıncı ayəsində İslam Peyğəmbərinin (s) yetim qalmasından bəhs edilir. “Məcəmül-bəyan” və “Əl-mizan” təfsirlərində Peyğəmbərin (s) yetim olması barədə iki ehtimalı qeyd olunub: Birincisi, Peyğəmbər (s) atasını itirdi. Rəvayət olunanlara görə, İslam Peyğəmbərinin (s) atası oğlunun doğulmasından əvvəl və ya az sonra vəfat edən “Abdullah”dır. O, altı yaşında anasını, səkkiz yaşında isə babasını (Əbdül-Müttəlib) itirdi.

Amma “yetim”in ikinci mənası özünəməxsus və bənzərsizdir. Necə ki, xüsusi və bənzərsiz inciyə “dürr yetim” deyirlər.

captcha