IQNA

Nəhcül-bəlağə"dən seçmələr / 25

Ələvi dünya görüşündə dünya sevgisindən qaçmaq

15:17 - April 25, 2023
Xəbər sayı: 3494078
Əmirəl-möminin Əlinin (ə) “Nəhcül-bəlağə”sinin 145-ci xütbəsi dünyanı tanımaq və dünya sevgisindən çəkinmək mövzusuna həsr edilmişdir.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, Əmirəl-möminin Əlinin (ə) “Nəhcəl-bəlağə”də olan xütbələrinə istinad edərək, dünyapərəstlikdən və dünya məhəbbətindən çəkinməyin vacibliyini bəyan etmişdir. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz:

Həzrət Əmirin (ə) nöqteyi-nəzərindən dünyagörüşü müzakirəsinin davamında Həzrət Əmirəl-mömininin (ə) Nəhcül-bəlağəsinin 145-ci xütbəsinə və 68-ci məktubuna müraciət edəcəyəm.

İmam Əli (ə) buyurur: "Ey camaat! Siz bu dünyada ölümlərin oxlarını atdığı hədəfsiniz (müxtəlif növ ölümlər: xəstəlik, qətl, yanğın, batmaq, quyuya düşmək, uçqunun altında qalmaq və sair buna oxşarlar sizi məhv etməyə hazırdırlar). Hər içiləndə boğaza sıçrayan bir su vardır. Hər loğmada boğazda ilişən bir sümük vardır. Dünyada bir neməti əldən verməmiş başqa bir nemətə yiyələnə bilməzsiniz.  (Həmçinin) sizin uzun ömürlülərinizin (yalnız yaşı çox olanın deyil, hələ ömrü qalan gəncin və ya qocanın) ömrünün, həyatının bir günü məhv olmadan ömrünə (yeni) bir gün verilməz.  Əvvəlki gün yediyi aradan getmədən çox yemək yeyən üçün yeni bir ləzzət gətirməz.  Bir nişanə və izi aradan getməmiş onun başqa bir nişanə və izi yaranmaz. Təzəsi köhnəlməmiş onun üçün heç nə təzələnməz (məsələn, vüqar, səbr və helm qazanmaq üçün gənclik şadlığı itirilir). Onun üçün bir salxım bitməz, biçilən aradan getməmiş (bir əkin biçilməmiş, başqa əkin yaranmaz. Ata-anaları bu dünyadan getməmiş övladları onların yerlərində əyləşməzlər). Köklər olub keçiblər (ata-analar ölüblər) və biz budaqlarıq. (Onların övladlarıyıq.) Budaq kökü getdikdən sonra necə qala bilər? Elə bir bidət (dində olmayan bir şeyin dində yaradılması) yaranmayıb ki, onun səbəbinə bir sünnə (Həzrət Peyğəmbərin yol və üslubu) aradan götürülmüş olmasın. Belə isə bidətdən çəkinin və işıqlı yola qədəm qoyun (Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihin yolu ilə gedin. Çünki Həzrət Peyğəmbərin zamanında olan) köhnə işlər işlərin ən yaxşısıdır, yeni bidətlər isə ən pis şeylərdir. (Şəriətə zidd olduğuna görə hərc-mərclik, fəsad və çox pozğunluğa səbəb olar)".

Həmçinin həzrət Əmirin (ə) Salman Farsiyə ünvanladığı “Nəhcül-bəlağə”nin 68-ci məktubunda da deyilir: "Dünya əl vuranda yumşaq, zəhəri isə həlakedici olan ilan misalındadır. Buna görə də səni dünyada şad edən şeydən (maldan) uzaq ol. Ona görə ki, onun malından bir azı (ancaq bir kəfən) səninlə birgə qalacaqdır (qəbrə gedəcəkdir). Həmçinin onun qəm-kədərini özündən uzaqlaşdır. Çünki ondan ayrılacağına və onun halının dəyişəcəyinə inanırsan (bilirsən ki, nəhayət ondan ayrı qalacaqsan və onun rəftarı hər an əvvəlki vaxtdakı rəftarına ziddir. Buna görə də ona ürək bağlama və bir neçə günlük yaşayış üçün özünü qəmləndirmə). Dünya ilə ünsiyyət və əlaqən çox olan zaman ondan daha çox qorx. Çünki dünyapərəst ona ürək bağlayıb şad olanda, dünya onu həmin şəraitdən çətinliyə tərəf çəkir, yaxud onunla ünsiyyət və əlaqəyə arxalanıb dinclik tapanda onu həmin haldan (çıxarıb) qorxu və vahiməyə düçar edir".

3969927

captcha