IQNA

Allaha və peyğəmbərlərə itaət etmək saədətə çatmağın amillərindəndir

18:39 - May 21, 2023
Xəbər sayı: 3494206
Xoşbəxtlik axtaran insan Allaha (Quranda, hədislərdə və tarixi kitablarda bildirilmiş) ilahi peyğəmbərlərin və həzrət Peyğəmbərin (s) həyat tərzi, yolu və onlara itaət etməklə səadətli həyata və tam xoşbəxtliyə nail ola bilər.

Qeyd etdiyimiz kimi insanın səadəti öz əlindədir. Çünki insan iradə və ixtiyar sahibi olan bir varlıqdır. Buna görə də insan öz seçimi və əməlləri ilə səadət yoluna qədəm qoyur.

Keçən bəhsimizdə qeyd etdiyimiz kimi Quran mədəniyyətində səadətə çatanlar üçün xüsusi xüsusiyyətlər və amillər bəyan edilmişdir. Hər bir insan oğlunun vəzifəsi və xeyri Quranla və orada bəyan olunan səadət amilləri ilə tanış olmaqdır. Çünki Quran insanı yoxdan var edən Allahın kəlamıdır.

Keçən bəhsimizdə o amillərdən birinə (İslamın hüdudlarına riayət etmək) işarə etdik.

Bu bəhsimizdə də digər bir amili qeyd edəcəyik. O da Allaha və peyğəmbərlərə itaət etməkdir.

Mütəal Allah bu barədə "Əhzab surəsinin 71-ci ayəsində buyurur:

« وَ مَن يُطِعِ اللَّهَ وَ رَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا»

Bu ayə mühüm bir məqama işarə edir ki, kim Allaha və Peyğəmbərinə itaət etsə, böyük səadətə, nicat və böyük qələbəyə nail olacaqdır.

Digər bir ayədə belə gəlib:                                                      

«وَ يَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَــلَيْتَنِى اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلاً* يَـوَيْلَتَى لَيْتَنِى لَمْ أَتَّخِذْ فُلاَنًا خَلِيلاً»

"O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim" (Furqan, 27-28).

Yuxarıdakı ayələrdə peyğəmbərlərin insanların xoşbəxt həyatının yolunu və üsulunu təmin edənlər olduğu xəbər verilir. Ona görə də onlarla birlikdə olmaq insanlara firavanlıq və xoşbəxtlik gətirəcək.

Başqa sözlə desək, Allah-taala insanlara hidayət etmək üçün peyğəmbərləri seçmiş və Öz kəlamlarını onların vasitəsi ilə göndərmişdir. Onlar təlim və tərbiyə üçün göndərilmiş, insanları elm əldə etməyə təşviq etmək, bir çox bədbəxtlik və müsibətlərə səbəb olan cəhalətin köklərini aradan qaldırmaq və insan ruhunu kamilliyə yetişdirmək üçün gəlmişlər. Onlar insan xoşbəxtliyinin qanunlarını Allahdan bizə çatdıran təbliğatçılardır. Biz isə hər zaman onlara itaət etməliyik.  Şeytani vəsvəsələrə, nəfsi istəklərə və azğın dostlara qarşı mübarizə aparmalı və dünya bağlılıqlarından azad olmalıyıq. Həmçinin son məqsədə, yəni Allahın razılıq məqamına və Rəsuli-Əkrəmin  (s) görüşünə çatmaq üçün səylərimizi əsirgəməməliyik.

Odur ki, bu ayələrə əsasən, səadət amillərindən biri də Peyğəmbərlər və Həzrət Peyğəmbərlə (s) birlikdə addımlamaq və onlara itaət etməkdir. Əgər soruşulsa ki, biz bu gün necə ilahi peyğəmbərlərlə və həzrət Peyğəmbərlə (s) birlikdə addımlaya bilərik? Biz deyirik: "Aydındır ki, bu gün ilahi peyğəmbərlər və həzrət Peyğəmbər (s) cismən aramızda olmasalar da, onlarınn yolu, həyat tərzi və kitabları bizim aramızdadır. Xoşbəxtlik axtaran insan Allaha (Quranda, hədislərdə və tarixi kitablarda bildirilmiş) ilahi peyğəmbərlərin və həzrət Peyğəmbərin (s) həyat tərzi, yolu və onlara itaət etməklə səadətli həyata və tam xoşbəxtliyə nail ola bilər".

Ayələrdən aşkar şəkildə istifadə olunur ki, insan ixtiyar sahibir. Öz əli ilə səadət və bədbəxliyinə təsir edir. İnsan Allaha və ilahi peyğəmbərlərə itaət etdiyi zaman səadətə çatır. Amma onlara itaət etmədiyi zaman bədbəxt olur.

İnşallah gələn bəhslərimizdə Quran nəzərindən səadətə çatmağın digər amillərinə də işarə edəcəyik.

captcha