IQNA

Allahın insana verdiyi nemətlərə əmanətdarlıq unudulmuş bir dəyərdir

15:45 - May 20, 2023
Xəbər sayı: 3494193
Əmanətdarlığın başqa bir növü də Allah-Təalanın insana əmanət olaraq verdiyi nemətləri qoruyub saxlamaqdır. Beləliklə, Allahın insana əta etdiyi ilahi nemətlər bir əmanətdir.

Ötən bəhsimizdə unudulmuş dəyərlərin müzakirəsinin davamında cəmiyyətdə unudulmuş dəyərlərdən biri kimi “əmanətdarlıq”dan danışdıq. Həmçinin bildik ki, dini təlimlərdə əmanətdarlıq xüsusi əhəmiyyə malikdir.

İmam Səccad (ə) buyurur: "Əmanətləri sahiblərinə qaytarmaqda çalışın. And içirəm Muhəmmədi (s) peyğəmbər olaraq göndərən Allaha, əgər atam İmam Hüseynin (ə) qatili onu şəhid etdiyi qılıncı mənə əmanət versə, o əmanəti ona qaytararam".

Əmanətdarlığın başqa bir növü də Allah-Təalanın insana əmanət olaraq verdiyi nemətləri qoruyub saxlamaqdır. Beləliklə, Allahın insana əta etdiyi ilahi nemətlər bir əmanətdir.

Allahın əmanətlərindən biri də insanın “ruhudur”. Müqəddəs Ruhumuz bizə verilən bir əmanətdir. Hədisdə deyilir:

 «قَلْبَ الْمُؤْمِنِ عَرْشُ الرَّحْمَنِ»

"Möminin qəlbi və ya ruhu Rəhman Allahın ərşidir" (Biharul-Ənvar, c 55, s 39). Yəni Uca Allaha məxsusdur. Ora Ondan başqasının girməsinə icazə verməməliyik. İnsanın ruhu o qədər hörmətlidir ki, Qurani-Kərimdə aləmlərin Rəbbi ruhun yaradılışına çatdıqda belə buyurur:

«ثُمَّ أَنْشَأْناهُ خَلْقاً آخَرَ فَتَبارَكَ اللَّهُ أَحْسَنُ الْخالِقينَ»

"Daha sonra onu bambaşqa (yeni) bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!" (Möminun, 14). Yəni Allah ruhu yaratdığı üçün öz-özünü tərflədi.

Qəlbimiz və ruhani cəhətimiz o qədər müqəddəsdir ki, mələklər ona səcdə edər. Mələklərə xitabən buyurur: "Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!" (Hicr, 29). Beləliklə, insana ilahi ruh üfürüldüyü üçün səcdələr ona səcdə edirlər. Çünki insanın daşıdığı ilahi ruhun dəyəri çoxdur. Əlbəttə, kimsə Ruhun nə olduğunu bilmir. Filosoflar, alimlər və əxlaq alimləri onun haqqında çox söhbət ediblər. Əxlaq elminin alimlərinin əsas mövzusu ruhdur. Amma həqiqətən ruhun nə olduğunu bilmirik. Amma bunu bilirik ki, bizim ruhumuz var və o müqəddəsdir. Həmçinin biz ona qarşı əmanətdar olmalıyıq.

Beləliklə, biz ruhumuza zərər vuran şeylərdən onu qorumalıyıq. Ruhumuza nə zərər vurur? Yalan, qeybət, camaatın malını yemək, qarnımızı haramla doldurmaq, yalan danışmaq kimi günahlar və hər növ günah bizim ruhumuza zərər vurur.

Hədisdə İmam Baqirdən (ə) oxuyuruq ki, buyurur: "Heç bir amil günah kimi insanın qəlbini və ruhunu fasid etmir. Çünki günah insan qəlbini alt-üst edir".

Günah insanın ilahi və mənəvi simasını öldürür və əslində qəlbini öldürür. Bəs, insan ruhu qarşısında məsuliyyət daşıyır. Onu hər bir günahdan qorumaq üçün səy göstərməlidir.

Uca Allah bəndələrindən ruhlarını qoruyub saxlamadıqlarına görə hesab soracaqdır. İnsan ruhu sahibini Allahın bəndəlik məqamına çatdırmaq və Uca Rəbbə qovuşmaq üçün ilahi əmanət kimi qorunub saxlanılmalı və möhkəmlənməlidir. Ruhu qüvvətləndirən, qəlbi cilalayan günahdan çəkinmək, ibadət etmək, əməlləri yerinə yetirmək və Allah-taala ilə ünsiyyətdir.

İlahi əmanətin başqa bir növü də insanın malıdır ki, ona əmanət kimi verilir. Qurani-Kərimdə insan malı haqqında buyurulur:

«وَ آتُوهُمْ مِنْ‏ مالِ‏ اللَّهِ‏ الَّذي‏ آتاكُمْ»

Yəni "Allahın sənə verdiyi maldan başqalarına da ver" (Nur, 33). Əslində, Allah buyurur: Mən sənə mal-dövlət verdim ki, həm özünə, həm də başqalarına sərf edəsən. Ona görə də bacardığın qədər başqalarının qayğısına qalmaq lazımdır. Əgər kimsə Allahın ona verdiyi bütün malları yalnız özü üçün sərf etsə, əmanətə xəyanət etmiş olur. Əmlakın haram işlərə və ya dəbdəbəyə xərclənməsi əmanətə xəyanətin nümunələrindən biridir.

Başqa bir ilahi əmanət insan bədəninin üzvləridir. Göz, qulaq, əl və ayaq Allahın insana əmanət etdiyi nemətlərdəndir və çox qiymətlidir. Bədən üzvlərinin dəyəri o qədər yüksəkdir ki, heç kim maddi ehtiyac içində olsa belə, məsələn, iki göz verməyə və böyük miqdarda pul və ya qızıl almağa razı deyil. Bədən üzvləri Allahın insana təmənnasız olaraq verdiyi nemətlərdir və ona xəyanət edilməməlidir. Buna görə də kimsə bədən üzvlərini Allahın iradəsinə zidd və günah istiqamətində istifadə edərsə, əmanətə xəyanət etmiş olar. Qurani-Kərim buyurur:

«وَ لا تَقْفُ‏ ما لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَ الْبَصَرَ وَ الْفُؤادَ كُلُّ أُولئِكَ كانَ عَنْهُ مَسْؤُلاً»

Yəni "bilmədiyin şeyin arxasınca getmə, çünki qulaq, göz və qəlb sorğu-sual olunacaqdır" (İsra, 36). İmam Sadiq (ə) bu haqda buyurur: "Qiyamət günü qulaq eşitdiyi, göz gördüyü, Qəlb isə bağlı olduğu hər şeydən soruşular".

captcha