IQNA

İslamın hüdudlarına riayət etmək saədətə çatmağın amillərindəndir

17:38 - April 19, 2023
Xəbər sayı: 3494049
İnsan ilahi həddləri riayət etdiyi zaman səadətə çatır. Amma bu həddlərə riayət etmədiyi zaman bədbəxt olur.

İnsanın səadəti öz əlindədir. Çünki insan iradə və ixtiyar sahibi olan bir varlıqdır. Buna görə də insan öz seçimi və əməlləri ilə səadət yoluna qədəm qoyur.

Keçən bəhsimizdə qeyd etdiyimiz kimi Quran mədəniyyətində səadətə çatanlar üçün xüsusi xüsusiyyətlər və amillər bəyan edilmişdir. Hər bir insan oğlunun vəzifəsi və xeyri Quranla və orada bəyan olunan səadət amilləri ilə tanış olmaqdır. Çünki Quran insanı yoxdan var edən Allahın kəlamıdır.

Keçən bəhsimizdə o amillərdən birinə (Qurana itaət etmək) işarə etdik.

Bu bəhsimizdə də digər bir amili qeyd edəcəyik. O da İslamın hökm və hüdudlarına riayət etməkdir.

«تِلْكَ حُدُودُ اللَّهِ وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّـت تَجْرِى مِن تَحْتِهَا الاْنْهَـرُ خَــلِدِينَ فِيهَا وَذَ لِكَ الْفَوْزُ الْعَظِيم»

"Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!" (Nisa, 13).

Bu ayədən belə nəticə çıxarmaq olar ki, İslam hökmlərinə sadiq olmaq insana səadətə çatmaqda və nicat yolunda kömək edir.

Hüdud fərdi və ictimai həyatın nizamının bağlı olduğu ilahi hökmlər deməkdir; Məsələn: yetimlərə və qəyyumsuz uşaqlara qulluq etmək, fərd və cəmiyyətin hüquqlarına riayət olunması və yaşayış nizamı onlardan asılı olan hökmlər, vəsiyyətlər və dindir.

Odur ki, İslam hökmlərinə əməl etməklə səadətə qovuşmaq və qiyamətdə əbədi nemətlərə yetişmək olar. Nicat tapmaq həqiqətən də Rəbbin yanında bir ləzzət və şərəfdir.

"Rahnəma" təfsirində ilahi  hökmlər barəsində belə gəlmişdir:

"Allahın hökmləri insan üçün məsləhətdir. Həmçinin onun xeyir və səadətinin səbəbi və təminatçısıdır".

Əllamə Təbatəbayi də “Əl-Mizan”da deyir: "İslam dünyadakı xoşbəxtlik və bədbəxtliyi itaət və müxalifətin nəticəsi hesab edir".

"Nümunə" təfsirində bu ayələrdə qanunları ilahi hədlər və hüdudlar kimi qeyd edir və deyir: "(Bunlar ilahi hədlərdir ki, onları keçmək haramdır və onların sərhədlərini aşanlar günahkardırlar (تلک حدود الله).

Ayənin sonunda buyurur: "Bu, qurtuluş və böyük qələbədir" (و ذلک الفوز العظیم).

Sonrakı ayədə bu ayədə bildirilənlərin əks nöqtəsinə işarə edərək buyurur: "Allaha və Peyğəmbərə asi olub sərhədləri aşanlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar" (و من یعض الله و رسوله و یتعد حدوده یدخله نارا خالدا فیها).

Əlbəttə, biz bilirik ki, yalnız Allaha qarşı günah etmək (böyük günah olsa belə) əbədi əzaba səbəb olmur. Deməli, yuxarıdakı ayənin mənası qiyam, üsyan, düşmənçilik və ilahi ayələri inkar etməklə Allahın əmrini pozanlardır. Həqiqətən, onlar Allaha və axirət gününə inanmırlar. Habelə hüdudların cəm olduğunu və bütün ilahi qanunları ehtiva etdiyini nəzərə alsaq, bu məna nəzərə uyğun gəlir. Çünki bütün ilahi qanunları pozan, adətən Allaha inanmır.

Maraqlıdır ki, əvvəlki ayədə buyurur ki, cənnət əhli (خالدین فیها) haqqında (onlar əbədi olaraq cənnətdə olacaqlar). Cəhənnəm əhlindən (خالدا فیها) kimi bəhs edən bu ayədə tək qeyd edilmişdir. Ard-arda gələn iki ayədəki bu təfsir fərqi, görünür ki, onların cənnətdə öz icmaları var. Bu,  onlar üçün səmavi nemətlərdən biri hesab edilir. Cəhənnəm əhli o qədər məşğul və öz içlərinə qərq olduqları halda, başqalarını vecinə almaz və praktik olaraq təkdirlər.

Ayənin sonunda onların aqibətinə işarə edərək buyurur: "Onlar üçün təhqirlə qarışmış alçaldıcı bir əzab vardır". (و له عذاب مهین)

Ayələrdən aşkar şəkildə istifadə olunur ki, insan ixtiyar sahibir. Öz əli ilə səadət və bədbəxliyinə təsir edir. İnsan ilahi həddləri riayət etdiyi zaman səadətə çatır. Amma bu həddlərə riayət etmədiyi zaman bədbəxt olur.

İnşallah gələn bəhslərimizdə Quran nəzərindən səadətə çatmağın digər amillərinə də işarə edəcəyik.

captcha