IQNA

Beytul-malı və insanların sirrini saxlamaq

17:36 - April 18, 2023
Xəbər sayı: 3494045
Beytul-malı və dövlət əmlakını qorumaq və ona qarşı əmanətdar olmaq əmanətdarlığın digər bir növüdür. Həmçinin insanların sirri bizə əmanətdir və biz əmanətdar olmalı və heç kimin sirrini ifşa etməməliyik.

Ötən bəhsimizdə unudulmuş dəyərlərin müzakirəsinin davamında cəmiyyətdə unudulmuş dəyərlərdən biri kimi “əmanətdarlıq”dan danışdıq.

İmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə, Allah-taala hər bir peyğəmbəri ancaq doğruluq və vəfadarlıqla göndərmişdir:

«إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ لَمْ يَبْعَثْ نَبِيّاً إِلَّا بِصِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِرِ»

Qabaqkı bəhsimizdə əmanətdarlığın bəzi növləri qeyd olundu. Beytul-malı və dövlət əmlakını qorumaq və ona qarşı əmanətdar olmaq əmanətdarlığın digər bir növüdür.

 Bu baxımdan bilmək lazımdır ki, Əmirəl-möminin Əli (ə) öz hakimiyyəti dövründə beytul-malın və dövlət əmlakının qorunması ilə bağlı xüsusi ciddiyyət və qətiyyətə malik idi.

Əmanətdarlığın başqa bir növü də başqalarının danışığı, davranışı və sirləri ilə bağlıdır. Bütün insanlar diqqətli olmalıdır ki, heç kimin sirrini ifşa etməsin. Kiminsə günahını görsək, bunu başqalarının yanında deməyə haqqımız yoxdur. Əgər kimsə şahidlik etməyi özünə borc bilirsə, onun adət-ənənəsinə və qaydalarına uyğun davranmalıdır, məsələn, hakim qarşısında kiminsə əleyhinə ifadə verməlidir, əks halda başqalarının sirrini ifşa etmək hüququ yoxdur.

Allah Quranda buyurur:

«إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ»

"Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!" (Nur, 19).

Bu ayəyə əsasən, başqalarının sirrini ifşa edən kəsi dünyada ağrılı, axirətdə isə daha şiddətli bir əzab gözləyir.

İnsanların sirri bizə əmanətdir və biz əmanətdar olmalı və heç kimin sirrini ifşa etməməliyik. Xüsusilə ər və arvadın gizli saxlanmalı və açılmamalı olan sirləri var. Demək, qadının ərinin sirrini valideynlərinə deməyə haqqı yoxdur. Kişinin həyat yoldaşının sirrini bacısına və valideynlərinə deməyə haqqı yoxdur.

İnsanların əmanətini və başqalarının sirrini qorumayan şəxs müsəlman deyil. Çünki İslamın nişanəsi və şiəliyin əlaməti əmanəti qorumaqdır. İmam Sadiq (ə) bir hədisdə buyurur: "İnsanların oruc tutması və namaz qılmasına aldanma. Çünki ola bilsin ki, insan namaz qılmağa, oruc tutmağa o dərəcədə məftun olur ki, onu tərk etdiyində qorxuya düşür. Odur ki, insanları doğru danışmaq və əmanətdarlıq da imtahan edin". Yəni namaz qılmaq və oruc tutmaq vacib olsa da, doğru danışmaq və əmanətdarlıq insanları sınamaq və imtahan etmək üçün meyardır.

Hamı sirr saxlayan olmalıdır. Xüsusən də hər kəs ailə sirlərini saxlamağa çalışmalıdır. Hər bir insanın abır-həyasına hörmət edilməli və qorunmalıdır. Heç kimin başqalarının sirlərini açıb abır-həyasını aparmağa haqqı yoxdur.

Təəssüflər olsun ki, cəmiyyətdə əmanətdarlığın növlərindən biri olan sirr saxlamağın dəyərinin bəzi insanlar tərəfindən unudulduğu müşahidə olunur. İnsanların sirrlərini ifşa etmək əmanətə xəyanətdir. Əmanətə xəyanət də çox böyük günahdır.

Qeyd etmək lazımdır ki, insanların sirlərini ifşa etmək və eyblərini üzə çıxarmaq, bunu edən şəxsin sirlərinin və eyiblərinin xalq arasında ifşa olmasına səbəb olar.

Əmanətə xəyanət sayılan sirləri ifşa etməyin digər bir növü söz gəzdirməkdir. Bu o deməkdir ki, insan bir şəxsin qeybətinin edildiyini eşitdiyi zaman gedib qeybəti olunan şəxsə deyə. Belə filankəs mənim yanında sənin dalınca danışırdı desin.

Rəsuli-Əkrəm (s) məclisləri əmanət hesab edir, insanların sözünü çatdırmağı və onların sirrini açıb deməyi əmanətə xəyanət hesab edirdi. O həzrət cənab Əbuzərə buyurdu: "Ey Əbuzər, məclislər əmanətdir. Qardaşının sirrini ifşa etmək xəyanətdir".

Əmanətdarlılığın başqa növləri də var ki, inşallah növbəti bəhsimizdə bu haqda danışarıq.

captcha