IQNA

Qurana itaət etmək insanın saədətə çatmağının amillərindəndir

14:47 - March 18, 2023
Xəbər sayı: 3493875
Quran büsbütün nurdur və nicat yolunu işıqlandırır. Ona bağlı qalmaq və itaət etmək isə insanın hidayətə, nicat tapmaq və səadətə çatmasına səbəb olur.

Keçən bəhsimizdə qeyd etdiyimiz kimi hər bir insasnın xoşbəxtliyi onun öz əlindədir. Yəni insandır ki, özünü xoşbəxt ya bədbəxt edir. Bəs, insan özü barədə məsuliyyət daşıyır. Elə həyat sürməlidir ki, dünya və axirət səadəti təmin olsun.

Quran mədəniyyətində səadətə çatanlar üçün xüsusi xüsusiyyətlər və amillər bəyan edilmişdir. Buna görə də səadətə çatmaq istəyənlər səadətin Quranda bəyan olan amilləri ilə tanış olmalıdırlar. Həmçinin bu amilləri həyata keçirməklə öz dünya və axirət səadətlərini təmin etməlidirlər.

Keçən bəhsimizdə o amillərdən birinə (İslamı tanımaq) işarə etdik. Həmçinin vurğuladıq ki, dini tanımaq, müvəffəqiyyətə və həqiqi xoşbəxtliyə qovuşmaq yolunda atılan ilk addımdır. Ona görə də hər bir insanın dini tam bilməsi lazımdır ki, dinin səadətli göstərişləri ilə öz həyat yolunu daha yaxşı idarə edə bilsin; Çünki dindən xəbərsiz həyat şeytanların fitnəsindən və səadətə zidd olan şeylərə bulaşmaqdan heç vaxt amanda ola bilməz.

Bu bəhsimizdə də digər bir amili qeyd edəcəyik. O da Allahın bəşərin hidayəti üçün göndərdiyi Qurandır. Çünki dini tanımaq üçün Qurana ehtiyacımız var. Dini maarif Allah tərəfindən Quran vasitəsi ilə bizə çatdırılmışdır.

Mütəal Allah Quranda "Əraf" surəsinin 157-ci ayəsində buyurur:

« وَاتَّبَعُواْ النُّورَ الَّذِى أُنزِلَ مَعَهُ أُوْلَـئِكَ هُمُ الْمُفْلِحُون»

"Onunla (Peyğəmbərin peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!"

Bu ayədən istifadə edilir ki, Quran büsbütün nurdur və nicat yolunu işıqlandırır. Ona bağlı qalmaq və ona itaət etmək isə insanın hidayətə, nicat tapmaq və səadətə çatmasına səbəb olur.

Safi təfsiri: "Əyyaşi İmam Baqirdən (ə) nəql etmişdir ki "nur" sözündən məqsəd "Əli"dir." "Üsuli-Kafi"də isə İmam Sadiqdən (ə) belə nəql etmişdir:  

«النور فى هذا الموضع علىّ امیر المؤمنین و الأئمة صلوات اللّٰه علیهم»

 "Burada "nur" sözündən məqsəd Əmirəl-möminin Əli və İmamlardır."

"Əl-Bəyan" təfsirində "nur" Quran kimi təfsir edilmiş, "məəhu" sözü isə "ələyhi" ona nazil olan, yəni Qurana tabe olmaları mənasında işlədilmişdir. Onların hər ikisi bir mənadadır, çünki Əmirəl-möminin və Məsum imamlar, Allahın (Natiqi-Quran) danışan Quranlarıdır.

Qeyd edək ki, Quran insanları ən sabit yola yönəldir. O, heç bir batilin olmadığı qiymətli və şərəfli bir kitabdır və Allah tərəfindən nazil edilmişdir. Bu, dünya insanları üçün bir xatırlatma və oyanışdır.

Həqiqətlər və bu kimi şeylər müxtəlif şəkillərdə ifadə olunub ki, insanlar xatırlasınlar və oyansınlar. Cinlərin və insanların onun kimisini gətirə bilməyəcəyi böyük, əzəmətli və maarifləndirici bir kitabdır.

Allah Rəsulu (s) Qurana böyük əhəmiyyət vermiş, onun öyrədilməsi və tətbiq edilməsi üçün xüsusi səy göstərmişdir. O həzrət Allahın bu könül oxşayan sözlərinin qəlblərdə yerləşməsini və əmr mərkəzi olan qəlbləri özünə tabe etməsini arzulayır və buyururdu:

«لا يعذّب الله قلباً وعى القرآن»

"İçində Quran olan bir qəlb Allahın əzabından uzaqdır."

Həzrət Peyğəmbər (s) daha iki şeyi əmr edər və onları çox əhəmiyyətli hesab edərdi: "Quran və Əhli-beyt."

«إنّى تاركٌ فيكم الثقلين كتاب الله و عترتى أهل بيتى ما إن تَمَسّكم بهما لن تضلّوا أبداً أنّهما لن يفترقا حتّى يردا علىّ الحوض»

"Mən sizin aranızda iki mühüm və dəyərli əmanət qoyuram: Allahın Kitabı və Əhli-beytim, əgər onlardan möhkəm yapışsanız və onlara əməl etsəniz, heç bir halda azmazsınız. O ikisi Kövsərdə yanıma gələnə qədər ayrılmayacaqlar."

Bütün bu əmr və tövsiyələr və bütün əhəmiyyət və səylər Quranın hər iki dünyanın səadət və rifahının təminatçısı olması üçün idi.

Buna görə də belə demək olar ki, Quran və Allahın (Natiqi-Quran) danışan Quranları rifah və səadət yollarını göstərən yeganə kitab və şəxsiyyətlərdir. Həmçinin onun və onların göstərişlərinə əməl etmək insan səadətinin təminatıdır. Bu səbəbdən də hazırda müsəlmanların ən böyük vəzifələrindən biri Quranı və Allahın (Natiqi-Quran) danışan Quranlarını təbliğ etmək, öyrətmək, öyrənmək və onlara müraciət etməkdir.

İnşallah gələn bəhslərimizdə Quran nəzərindən səadətə çatmağın digər amillərinə də işarə edəcəyik.

captcha