IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 23

Əmirəl-möminin Əlinin (ə) sözlərində o həzrətin sifətləri

12:30 - March 16, 2023
Xəbər sayı: 3493864
Din sahəsində sosioloq və tədqiqatçı Əmirəl-möminin Əlinin (ə) “Nəhcəl-bəlağə”də olan xütbələrinə istinad edərək, Həzrət Əmirin (ə) sifətlərini öz sözləri ilə bəyan etmişdir.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, Əmirəl-möminin Əlinin (ə) “Nəhcəl-bəlağə”də olan xütbələrinə istinad edərək, Həzrət Əmirin (ə) sifətlərini öz sözləri ilə bəyan etmişdir. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz:

Bugünkü söhbətimiz Həzrət Əmirin (ə) sifətləri barədədir ki, o həzrətin öz dilindən nəql olunub. Bəziləri deyir ki, insanlar özlərini tanıtdırmamalıdırlar; Çünki bu məsələ özünütəriflə nəticələnir. Mən bu məsələ ilə qətiyyən razı deyiləm. İnsanlar özlərini tanıtmalıdırlar ki, doğru ilə batil müəyyən olunsun. Həmçinin kimin sadəcə danışan və kimin əməl sahibi olduğu aydın olsun.

Möminlərin həyatı münafiqlərin həyatından və onların əməllərindən əməl meyarları ilə ayrılır. Həzrət Əmir (ə) də bu terminlərlə öz əməllərini ifadə edir. İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 37-ci xütbəsində buyurur: "Müsəlmanlar zəif və gücsüz olduqları vaxt İslam dininə kömək üçün ayağa qalxdım. Onlar (acizlik və gücsüzlükdən) boyunlarını bükdükləri zaman özümü aşkar etdim. Əldən düşdükləri vaxt (din məsələlərini) danışdım. Onlar heyran və sərgərdan olduqları vaxt ilahi nurla (cəhalət zülmətindən) keçdim. (Hər məchul mənə məlum idi.) (Bu sifətlərə malik olduğum halda, özünü göstərməkdə) Hamıdan sakit, önə keçməkdə (kamal baxımından) onlardan üstün idim. Fəzilətlərin cilovunu tutaraq pərvazlandım (çətinlikləri həll etmək üçün dərhal hazır olurdum) və bərk, dağıdıcı küləklərin yerindən tərpədib qopara bilmədiyi dağlar kimi fəzilətləri udurdum (kamal və fəzilətdə heç kəsin məqamı mənə çatmadı hər bir işdə dönməz idim). Heç kəs (nə hüzurumda, nə də yoxluğumda) məndən eyb və nöqsan tuta bilməyib. Zəlilin və sitəm çəkənin haqqını (zalımdən) alana qədər o, mənim üçün əziz və dəyərlidir. Güclü və zülmkar (məzlumun) haqqı ondan alınana qədər mənim üçün gücsüzdür."

Bu barədə Həzrət Əmir (ə) “Nəhcül-bəlağə”nin altıncı xütbəsində də buyurur: "(Qoymayacağam ki, düşmənlər müsəlmanları aldadıb, fitnə və qarışıqlıq salsınlar. Belə isə) nə qədər ki, sağam haqqa üz tutan, itaətkar və məni eşidənlərlə birgə qılınc çalacam, haqqdan üz döndərən, ona şək-şübhə ilə yanaşan günahkarla müharibə edəcəyəm."

Həmçinin Əmirəl-möminin (ə) bununla bağlı “Nəhcül-bəlağə”nin 62-ci məktubunda Misir xalqına müraciət edərək buyurur: “And olsun Allaha! Bütün yer üzünü dolduran düşmənlərlə tək qarşılaşsam, nə titrəyərəm, nə də qorxaram. Mən onların zəlalətinə və mənim tərəfimdən olan hidayətimə və Rəbbimin bəsirətinə əminəm. Həqiqətən, mən Allahla görüşmək və Onun gözəl mükafatını gözləmək və ümid etmək istəyirəm, lakin təəssüf edirəm ki, bu xalqın hökuməti səfehlərin və cinayətkarların əlinə keçəcək və onlar Allahın malını öz aralarında bölüşdürəcəklər və haqq bəndələrini qul edəcəklər."

Əmirəl-möminin (ə) həmçinin “Nəhcül-bəlağə”nin dördüncü xütbəsində buyurur: “Haqqı tapdığım gündən ona şəkk-şübhə etməmişəm.  (Necə ki,) Həzrəti Musa öz-özündən qorxmurdu (o özünün haq və doğru olduğuna, sehrkar və cadugərlərin məğlub olacaqlarına əmin idi). O, nadanların qələbə çalmasından və azğınlıq ərbablarının qabağa düşməsindən (bunun nəticəsində camaatın yolunu azmasından) qorxurdu.  Bu gün biz və siz haqla batil yolda qarşılaşdıq (mən haqq yolunda, siz isə batil yolda), suya əmin olan (mənim sözlərim və əməllərimə tabe olan, heç vaxt) susamaz (küfr, şirk, nifaq vadisində heyran və sərgərdan qalmaz)."     

3969294

captcha