IQNA

Dünya və axirət üçün təhlükəli susmaq

16:46 - August 11, 2022
Xəbər sayı: 3492707
Əgər həyat fəlsəfəniz ictimai məsələlərlə qarşılaşdığınız zaman “mənə nə?” deməyinizdirsə, diqqətli olun ki, bu ifadə zülm və bir çox haramlar qarşısında susmaq mənasını verməsin. Bəlkə bu gün deyil, sabah onun faciələri sizi mütləq yaxalayacaq bir sükutdur.

Dili çox danışmaqdan, qeybətdən, başqalarının şəxsi həyatına lazımsız müdaxilədən, cəfəngiyyatdan və air məsələlərdən qoruduğumuz zaman İslamda sükutun böyük və dəyərli yeri var.

Əziz İslam Peyğəmbəri (s) buyurur ki, möminin azadlığı dilini saxlamaqdadır. Odur ki, əbədi zərərdən, ilahi əzab və qəzəbdən xilas olmaq istəyən kəs dilini qorumalıdır. Çünki əbədi ziyana səbəb olan günahların çoxu insanın dilindən irəli gəlir.

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Hər kim danışsa, xətası çox olar, kimin xətası çox olsa, günahı da çox olar, kimin günahı çox olsa, cəhənnəm atəşinə daha çox layiq olar.

Ancaq susmağa həmişə icazə verilmir. İslamda hər yerdə susmaq zülm və günah qarşısında biganəlik olsa, bu susmaq caiz deyil. Harada İslamın təhrif edildiyini və ya alçaldıldığını görsən, susmağa icazə verilmir. Harada görürsən ki, cəmiyyətə zərər verən yalan danışılır, susmaq olmaz. Burada nəinki susmaq caiz deyil, hətta qışqırmaq belə vacibdir.

İnsanları təhqir edənlərə qarşı susmağa icazə verilmir. Bəzən biganə olub öz fikrimizi bildirməsək, cəmiyyətə sızmış bidətin yayılmasına kömək etmişik, ya zalıma kömək etmişik, ya da məzlumun yanından daş ürəklə keçmişik.

Yəni cəmiyyətlə bağlı bir çox məsələlərdə “mənə nə?”, “sənə nə?”  desək, yəni yaxşılığa əmr etməyi və pislikdən çəkindirməyi inkar etmişik. Bu, qışqırmalı olduğun yerdə sükut və hərəkət etməli olduğun yerdə sakit qalmaq deməkdir.

Müsəlman cəmiyyətində olan zülmlər və bidətlər bütün cəmiyyəti fəsad və məhvə sürüklədiyi və cəmiyyətin bütün üzvlərinə təsir etdiyi üçün mütləq bizimlə bağlıdır.

4076538

captcha