IQNA

Quran surələri /19

Məryəm surəsi: İffətli ananın hekayəsi

16:07 - July 20, 2022
Xəbər sayı: 3492584
Həzrət İsanın (ə) anası Məryəmin (ə) adı Qurani-Kərimdə iffətli qadın nümunəsi kimi təqdim edilmişdir. O, peyğəmbər olmasa da, peyğəmbər kimi böyümüş, peyğəmbər kimi davranmışdır.

Quranın 19-cu surəsinin adı 98 ayədən ibarət olan və 16-cı cüzdə yer alan "Məryəm"dir. Bu surə Məkkəddə nazil olub. Nazil olma sırasına görə, Peyğəmbərə (s) nazil olan 44-cü surədir.

16-27 və 34-cü ayələrdə Məryəmin (ə) həyat hekayəsindən bəhs edilməsi bu surənin “Məryəm” adlandırılmasının səbəbidir.

Məryəm surəsinin iki xüsusiyyəti vardır: Birincisi, böyük peyğəmbərlərin əhvalatını və Məryəmin əhvalatını danışarkən xatırlatmaq və xatırlamaq əmri mənasını verən "Uzkur" sözündən istifadə etmişdir. İkincisi, bu surədə "Rəhman" kəlməsi 16 dəfə işlədilir ki, Allahın bütün məxluqata, xüsusən də peyğəmbərlərə və möminlərə qarşı geniş rəhmət və mərhəmətini göstərir.

Əllamə Təbatəbai "Təfsirül-Mizan"da bu surənin əsas mesajını peyğəmbərlərin əhvalatları şəklində deyilən müjdə və xəbərdarlıq hesab etmişdir. Həmçinin bu surə insanları üç qrupa ayırmışdır: Peyğəmbərlərin, seçilmişlərin və hidayət olunanların daxil olduğu Allahın nemət verdiyi bir qrup; Tövbə edənlər və yaxşı əməl sahibi olan möminlər birinci dəstəyə əlavə edilir. Üçüncü qrup zəlalətə düşmüş insanlar və şeytanla yoldaşlıq edənlərdir.

Surənin ən mühüm hissəsi Zəkəriyya, Məryəm, Məsih, Yəhya, İbrahim və onun oğlu İsmayıl, İdris və bəzi digər ilahi peyğəmbərlərin tarixindən bəhs edir.

Bu surənin birinci hissəsi Zəkəriyyanin hekayəsinə işarə edir ki, bu da Luqanın İncilinin xristian rəvayətinə uyğundur. Bu surədə Məryəmin hamiləliyi, İsanın doğulması və onun beşikdə danışması mövzusu da qeyd olunur. İlahi peyğəmbərlər kimi onların dürüstlüyünü və ixlasını tərifləyir.

İsanın anası Məryəm müsəlmanlar arasında məşhur və hörmətli qadınlardandır. Allah Məryəmi pak etdi və onu dünyadakı bütün qadınlardan üstün etdi. İsa (ə) beşikdə Məryəmin (ə) paklığını və dürüstlüyünü təsdiq etmişdir:

"(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.

O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.

O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!

Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qiyamətdə qəbirdən diri olaraq qaldırılacağım) gün də (Allahdan) mənə salam olsun!" (Məryəm, 30-33).

 

Oxşar xəbərlər
captcha