IQNA

İmam Şafei və Əhl-Beyt (ə) sevgisi

11:17 - October 23, 2016
1
Xəbər sayı: 3480914
Tehran, 23.10.2016 – Şafei Həcc səfərlərinin birində cəmiyyətin izdihamı önündə belə bir şer dedi: "... Əgər Əhl-Beyti (ə) sevmək "rəfz" və "küfr"dürsə, mən "rafizi"yəm".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Şafei adı ilə məşhurlaşan Əbu Əbdillah Məhəmməd İbn İdris ibn Abbas ibn Osman ibn Şafe ibn Saib ibn Übeyd ibn Yəzid ibn Haşim ibn Müttəlib ibn Əbd Mənaf (150-204 hq) "Şafeii" məzhəbinin imamıdır. 

O, Hicrətin 150-ci ilinin Rəcəb ayında (768 milad) Fələstinin Qəzzə bölgəsində anadan olub, ataları Qüreyşidirlər. İki yaşında olarkən atası fəvat etdi. Sonra Yəmənin Əzdiyyə qəbiləsindən olan anası Fatimə (Ümmi Həbibə) oğlunu əcdadlarının vətəni olan Məkkəyə apardı. Məkkədə müxtəlif alimlərdən, o cümlədən Məkkənin fəqihi Müslim ibn Xaliddən dərs aldı və İmam Əlinin (ə) şagirdi olan İbn Abbasın və həmçinin İmam Sadiqin (ə) şagirdlərindən fiqh öyrəndi. 13 yaşında ikən Mədinəyə gəlib Maliki məzhəbinin imamı Malik İbn Ənəsə şagirdlik etdi... Şafei elm öyrənmək üçün Məkkə, Mədinə, Kufə, Bağdad, Misr, Yəmən və bir çox şəhərlərə səfərlər etdi... 

O, İraq və Misrdə məşhurlaşdı, tədris etdi və fətva verdi və bir çox dini sahələrdə, o cümlədən hədis və fiqhdə əsərlər yazdı. Onun əsərlərinin sayını 100-dən çox deyiblər, "əl-Ümm" və "ər-Risalə" kimi iki böyük və məşhur əsəri vardır... Şer və ədəbiyyatda ustad idi... 

Şafei əhl-sünnə arasında İmam Əlini və Əhl-Beyti (ə) sevməkdə məşhurdur. Şafei deyir ki, "İmam Əlidə (ə) olan zöhd, elm, şücaət və şərafət hər kimdə olarsa, o şəxs təkrim və ehtirama layiqdir... Peyğəmbər (s) Əlini (ə) Quran elmi üçün tərbiyə etdi, ona qəzavət etməyə əmr etdi və onun fətvalarını imzaladı və Əli haqq idi və müaviyə batil". – (Məhəmməd Cavad Məşkur, "İslam tarixi və islami firqələr", s.103). 

Şafeinin əsərlərində fərqlənən mövzulardan biri də Əhl-Beyti sevməkdir. O, Həcc səfərlərinin birində cəmiyyətin izdihamı önündə Əhl-Beytə sevgisini elan edərək belə bir şer dedi:

يا راكِباً قِف بالمُحَصَّبِ مِن منيً - وَاهتِف بِقاعِدِ خَيفِها وَالنَّاهِضِ - سَحَراً إذا فاضَ الحَجيجُ إلي مِنيً - فَيضاً كَمُلتَطِمِ الفُراتِ الفائِضِ - إن كانَ رَفضاً حُبُّ آلِ مُحمَّدٍ - فَليَشهَدِ الثَّقَلانِ أنّي رَافضِي

"Ey Mina qumları üstünə səvar olanlar, miniklərinizdən düşməyin, dərələrdə və təpələrdə oturanlara xəbər verin və səhər çağı Fərat tək coşğun Mina sahillərinə töküləcək zairlərə deyin ki, Şafei deyir: Əgər Əhl-Beyti (ə) sevmək "rəfz" (azğınlıq) və "küfr"dürsə, mən "rafizi"yəm". - ("Divanul-İmam Əş-Şafei, s.93, darul-kutubul-ərəbi, beyrut, 1414 hq).

Şafei öz şerlərində Əhl-Beytə olan eşqini gizlətmir və onları sevməyi vacib bilir və deyir ki, hər kəs namazda Əhl-Beytə salam və dua göndərməsə, namazı səhih və doğru deyildir:

يَا آلَ بَيتِ رَسولِ الله حُبُّكُمُ - فَرضٌ مِنَ الله في القُرآنِ أنزَلَهُ - كَفاكُم مِن عظيمِ القَدرِ أنّكُم - مَن لَم يُصلِّ عَلَيكُم لَا صَلَاةَ لَهُ

"Ey Allahın Rəsulunun ailəsi, sizi sevmək Quranda Allah tərəfindən vacib edilibdir və sizin böyüklüyünüzdə bu kifayətdir ki, sizə namazda salam göndərməyin namazı yoxdur – (namazı doğru deyildir)". - ("Divanul-İmam Əş-Şafei, s.115, darul-kutubul-ərəbi, beyrut, 1414 hq).

Şafeidən İmam Əli (ə) barədə soruşulanda qəmli bir görkəm alaraq dedi:

إنّا عَبــيدٌ لِفتيً أنزلَ فِيـــهِ هَل أتَي - إلي مَتــي أكتُمُهُ؟ إلي مَتي؟ إلي مَتي؟

"Biz barəsində "Həl Əta" (İnsan) surəsi nazil olan comərdin nökəriyik – Haçana qədər bunu gizlədək? Haçana qədər? Haçana qədər?

إنّا عَبــيدٌ لِفتيً أنزلَ فِيـــهِ هَل أتَي - إلي مَتــي أكتُمُهُ؟ إلي مَتي؟ إلي مَتي؟

"Biz barəsində "Həl Əta" (İnsan) surəsi nazil olan comərdin nökəriyik – Haçana qədər bunu gizlədək? Haçana qədər? Haçana qədər?

Abbasilər sülaləsinin Əhl-Beyt əleyhinə geniş əks-təbliğatlarının ağır fəzasında Şafei öz sevgisini gizlətmir və deyirdi:

قَالُوا: تَرَفَّضتَ قُلتُ: كَلَّا

- مَا الَّرفضُ ديني وَ لا إعتِقادي 

- لكِن تَوَلَّيتُ غَيرَ شَكٍّ 

- خَيرَ إمَامٍ وَ خَيرَ هَادي 

إن كَانَ حُبُّ الوَلِيِّ رَفضاً 

- فإنَّني أرفَضُ العِباد

"Dedilər: Sən rafizisən? Dedim: Heç vaxt – Rafizilik mənim dinim və etiqadım deyil – Amma şək etmədən ən yaxşı İmam və hidayətçini sevirəm – Əgər (Allah) "Vəli"sini sevmək rəfzdirsə (azğınlıqdırsa), onda mən bəndələrin ən azğınıyam".

O başqa bir şerdə ümidvarlıq edir ki, Əhl-beyt onu Qiyamət günü şəfaət edəcəklər:

لَئِن كانَ ذَنبِي حُبُّ آلِ محمَّدٍ - فذلِكَ ذَنبٌ لَستُ عَنهُ أتوبُ - هُمُ شُفَعائي يومَ حَشري و مَوقِفي إذا - كثرتني يوم ذاك ذنوب

"Əgər mənim günahım Ali-Muhəmmədi sevməkdirsə, bu bir günahdır ki, heç vaxt bundan tövbə etməyəcəm – Onlar mənə şəfaətçidirlər Qiyamət və məşhər günü – Əgər günahlarım o zaman çox olarsa".

Şafeinin olduğu bir məclisdə Əhl-Beyt düşməni olan bir nəfər onların fəzilətindən danışılmasına etiraz edir və bu zaman Şafie ayağa qalxır və bu şeri deyir:

بَرِئتُ إلَي المُهيمِنِ مِن أُناسٍ - يَرَونَ الرَّفضَ حُبَّ الفاطِميّه - إذا ذكروا عَليّا أو بَنيه - أفاضوا بالرّوايات الويّه - عَلي آل الرّسُول صلاة رَبي - وَ لَعنتُه لتلكَ الجَاهليّه

"Mən Fatimə övladlarını sevməyi küfr bilənlərdən Allaha sığınıram. Əli və övladlarının zikri zamanı yersiz söhbətlərlə bunu örtmək istəyən cahillərə Allahın lənəti olsun və Allahın salamı olsun Peyğəmbərin ailəsinə".

Şafei Əhl-Beyt sevgisini öz qanı və əti ilə qatışmış sayır və Əhl-beyti özünün hidayət və inkişaf vasitəsi hesab edərək deyir:

و سائلي عن حُب أهل البيت هل؟ - أُقرّ إعلاناً به أم أجحدُ - هَيهاتَ ممزوجٌ بلحمي و دَمي - حُبُّهم و هو الهُدي و الرشدُ - يا أهل بيتِ المصطفي يا عدتي - وَ مَن علي حبّهُم أعتَمدُ - أنتم إلي اللهِ غَداً وَسيلَتي - و كيف أخشي؟ و بكم اعتضدُ - وليّكم في الخُلدِ حَيّ خَالدٌ - و الضدُ في نارٍ لَظيً مُخلّدُ

"Ey məndən Əhl-Beyt sevgisindən soruşan, bu sevgiyə iqrar edim və ya danım? Heç vaxt onlara olan sevgimi inkat etmərəm. Çünki qanım və ətim onların sevgisi ilə yoğrulub. Onların eşqi mənim hidayət və inkişaf vasitəmdir. Ey Mustafanın Əhl-beyti, siz qiyamət günü mənim şəfaətçimsiz və mən necə qorxum, bir haldakı sizə ümid və etimadım var. Sizi sevən əbədi olaraq cənnətdə qalacaq və sizin düşmənləriniz əbədi olaraq cəhənnəmdə qalacaqdır".

Şafie başqa bir yerdə Əhl-Beyti nicat gəmisi və onlara olan sevgini İlahi bağlılıq adlandırır və deyir:

وَ لَمَّا رَأيتُ النَّاسَ قَد ذَهَبَت بِهِم - مَذَاهِبُهُم فِي أبحُرِ الغَيِّ وَ الجَهلِ - رَكِبتُ عَلَي اسمِ الله فِي سُفُنِ النَّجَا - وَ هُم آل بَيتِ المُصطفَي خَاتَمِ الرُّسُلِ - وَ أمسَكتُ حَبلَ اللهِ وَ هُوَ وَلاءوهُم - كَما قَد أُمِرنَا بالتَمسُّكِ بالحَبلِ

Gördüm ki, fiqhi ixtilaflar camaatı azğınlıq və cəhalət dəryasına sürükləyib, Allahın adı ilə Peyğəmbərlərin Xatəminin Əhl-Beyt və ailəsinin nicat gəmisinə mindim və Allahın ipinə yapışdım, o ip ki, Əhl-Beyti (ə) sevməkdən ibarətdir və necə ki, Allah da bizi bu ipə yapışmağa əmr edibdir".

Şafeinin şer və əsələrində bu cür məqamlar çoxdur və bunları nəzərə alanda görürük ki, İmam Şafeinin Əhl-Beytə (ə) xüsusi sevgi və məhəbbəti olmuşdur, insanlar onların adlarını çəkməyə qorxduğu bir zamanda Əhl-Beyti (ə) müdafiə etmişdir və Onları nicat gəmisi, İlahi ip və hidayət çırağı adlandırmış və Qiyamət günü də Onların şəfaəti ilə nicat tapacağına ümid bəsləmişdir. Bunlara bəs etməyib və demişdir ki, ibadətin də səhihliyi və doğruluğu onları sevməyə və onlara salavat göndərməyə bağlıdır.

Bunu məqamı da qeyd edək ki, Şafeinin Əhl-Beytə sevgisinin əsas amillərindən biri də onun Əhl-Beyt (ə) şagirdlərinin şagirdi olmasıdır. Öncə də qeyd etdiyimiz ki, o, İmam Əlinin və İmam Sadiqin (ə) şagirlərindən dərs alıb və "əl-Ümm" kitabında da İmam Sadiqin (ə) hədislərinə istinad edib və faydalanıb.

Şafei hicrətin 204-cü ilində Misrə səfərlərindən birində orada vəfat etdi və Qahirədə dəfn olundu.

Mənbə:

"Divanul-İmam Əş-Şafei, s.115, 93, 59, 72, 48, 152, 222, 278; darul-kutubul-ərəbi, beyrut, 1414 hq; Syuti (911 hq), "Fəzailu Əli (ə)".

Mənbə: Mirməhəmməd Bəşirin şəxsi teleqram kanalı

 

 

 

 
Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Həmzə Rəfiyev
0
0
Sənədli məlumatlara görə müəllifə minnətdaram.

Hörmətlə...
captcha